AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 6

Bakı şəhəri, 12 yanvar 2015-ci il

“Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmişdir

Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə (bundan sonra – tələblər) uyğunluğunun (bundan sonra – uyğunluq) müəyyənləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatına aid edilən tikinti layihələrinə (bundan sonra – layihələr) şamil olunur.

1.3. Tikintiyə icazə icraatı ilə bağlı layihələrin tələblərə uyğunluğunun müəyyənləşdirilməsi şəhərsalma əsaslandırılmasının tərtib edilməsi, məlumatlandırma icraatının şamil olunduğu layihələrin uyğunluğunun müəyyənləşdirilməsi isə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir.

1.4. Şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır.

1.5. Layihələrin uyğunluğunun müəyyənləşdirilməsi zamanı müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), həmçinin müfəssəl planın hazırlanması zamanı nəzərdə tutulan tələblərə riayət olunur .

1.6. Tikinti məqsədləri üçün ayrılan yeni ərazilər üzrə, habelə daşınmaz mədəni irs abidələri yerləşdirildiyi ərazilərdə şəhərsalma əsaslandırılmasının hazırlanmasına yol verilmir. Belə ərazilər üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) tələblərinə uyğun olaraq müfəssəl planlar hazırlanır.

1.7. Layihələrin tələblərə uyğunluğunun müəyyən edilməsinə dair inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilir.

1.8. Tikintiyə icazə icraatı ilə bağlı layihələr üzrə şəhərsalma əsaslandırılması proseduruna başlanılması üçün sifarişçi tikinti obyektinin Məcəllənin 75.2.1-ci və 75.2.3-cü maddələrində müəyyən edilən sənədləri, habelə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini yerli icra hakimiyyəti orqanına təqdim edir.

1.9. Məlumatlandırma icraatı tətbiq edildiyi layihələr üzrə sifarişçi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, habelə sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini yerli icra hakimiyyəti orqanına təqdim edir.

2. Şəhərsalma əsaslandırılmasının məzmunu, tərkibi və işlənməsi

2.1. Müfəssəl plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir:

2.1.1 layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda;

2.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.

2.2. Şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri yerləşdirilməsi nəzərdə tutulan obyektin ətrafındakı ərazilər nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

2.3. Şəhərsalma əsaslandırılması yerli icra hakimiyyəti orqanlarının sifarişi əsasında onların verdikləri layihə tapşırığına uyğun olaraq layihəçi tərəfindən yerinə yetirilir. Tikinti niyyətini həyata keçirmək istəyən sifarişçinin istədiyi hallarda və onun müstəqil müraciəti əsasında şəhərsalma əsaslandırılmasının yerinə yetirilməsi layihəçiyə sifariş edilir. Bu zaman layihə tapşırığı da tikinti niyyətini həyata keçirmək istəyən sifarişçi tərəfindən verilir.

2.4. Şəhərsalma əsaslandırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə, layihələndirilən ərazinin ölçülərindən asılı olaraq müəyyən olunan miqyasda, topoqrafik planda işlənilir və tərkibində aşağıdakılar göstərilir:

2.4.1. şəhərsalma əsaslandırılması işlənilən ərazinin sərhədləri;

2.4.2. şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri daxilindəki tikintilərin mövcud vəziyyəti və yerləşdirilməsi nəzərdə tutulan obyektlər;

2.4.3. istifadə olunan torpaqların təyinatı göstərilməklə sərhədləri;

2.4.4. mərtəbəlilik göstərilməklə şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı;

2.4.5. qırmızı xətlər;

2.4.6. yerləşdirilməsi nəzərdə tutulan obyektlərin tikinti əraziləri və tikinti sahələri;

2.4.7. tarixi landşaft, mədəni irs obyektləri və tarixi-memarlıq abidələri;

2.4.8. mövcud su, kanalizasiya, elektrik, istilik və qaz təchizatı xətləri.

2.5. Şəhərsalma əsaslandırılmasının tərkibi aşağıdakılardan ibarətdir:

2.5.1. şəhərsalma əsaslandırılmasının əsas göstəriciləri barədə qısa izahat;

2.5.2. topoqrafik planda ərazinin 1:500 miqyasında Baş planı;

2.5.3. torpaqdan istifadə növü (mövcud və layihələndirilən);

2.5.4. küçə və məhəllədaxili yolların açılışı.

2.6. Bu Qaydalar üzrə tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir:

2.6.1. tikilməsi nəzərdə tutulan obyekt Baş plana zidd olduqda;

2.6.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda;

2.6.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturunun yaradılması, təhlükəsizliyin və sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etdikdə;

2.6.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları və yaxud landşaftın təbii xüsusiyyətlərini pozduqda;

2.6.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatından və ya təbiət hadisələrindən (daşqından) qorunmağa təhlükə yaratdıqda.

2.7. Tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda, aşağıdakılar nəzərə alınmalıdır:

2.7.1. tikilməsi nəzərdə tutulan obyektin torpağın üst münbit qatının vəziyyətinə zərərli təsir göstərməsi;

2.7.2. tikintisi nəzərdə tutulan obyektin inşasının magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, respublika və yerli əhəmiyyətli avtomobil yollarının və ya suların mühafizə zonalarında həyata keçirilməsinə yol verilməməsi;

2.7.3. sanitar, yanğın, ekoloji və radiasiya təhlükəsizliyi tələblərinin təmin edilməsi.

3. Şəhərsalma əsaslandırılmasının razılaşdırılması və təsdiq edilməsi

3.1. Şəhərsalma əsaslandırılması barədə tikintiyə icazə icraatı üzrə maraqlı şəxslərə məlumatın verilməsi və onların dinlənilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

3.2. Şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək yerli icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilir.

3.3. Şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir. Bir nüsxə layihəçidə qalır, bir nüsxə sifarişçiyə, bir nüsxə isə yerli icra hakimiyyəti orqanının memarlıq bölməsinə verilir və bir nüsxəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunur.

4. Məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin uyğunluğunun müəyyənləşdirilməsi

4.1. Məlumatlandırma icraatı şamil olunan tikinti obyektləri layihələrinin tələblərə uyğunluğu yerli icra hakimiyyəti orqanı tərəfindən bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində nəzərdə tutulan şərtlərin birgə mövcudluğu ilə müəyyənləşdirilir.

4.2. Məlumatlandırma icraatı şamil olunan tikinti obyektləri layihələrinin Məcəllənin 80.1-ci maddəsində yol verilən mərtəbələrinin say həddi daxilində məhdudlaşdırılmasına (mərtəbələrin sayının azaldılması və ya artırılması tələbi) yol verilmir.

5. Yekun müddəa

5.1. Bu Qaydalara Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.